Dövlət başçısı İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam verib. Bu il baş tutması planlaşdırılan seçki ilə Azərbaycanın 7-ci çağırış Milli Məclisi formalaşacaq. Mütəxəssislər keçiriləcək parlament seçkilərini tarixi hadisə olaraq qiymətləndirir. Bunun əsas səbəbi isə seçkilərin bütün Azərbaycan ərazilərini əhatə etməsidir. Yeni formalaşacaq parlamentdən sonra dövlət qurumlarında ediləcək dəyişiklər maraq doğurur? Parlament seçkilərindən sonra hansı dövlət qurumlarında dəyişikliklər həyata keçiriləcək?
Mövzunu Sonxeber.az-a şərh edən Tofiq Abbasov deyib ki, seçkilər həyatımızda vacib ictimai-siyasi kampaniyalardan biridir. Nəzərə alaq ki, qarşıda Azərbaycanı COP29 kimi böyük və əhəmiyyətli tədbir gözləyir:
"Bu tədbir baş tutana qədər bizim qanunverici orqanımız öz fəaliyyətinə başlayacaq. Bunun da xüsusi mahiyyəti var. Birincisi Azərbaycan həqiqətən orta gücə çevrilib. Tək bölgədə deyil, Avrasiya məkanı və qlobal proseslərdə iştirakının mənasını dəyişməyə müvəffəq olur. Digər tərəfdən Azərbaycanın inteqrasiya məsələlərinə verdiyi paylar və töhfələr dünya tərəfindən böyük həvəslə qarşılanır. Bəzi ölkələr var ki, onlar Azərbaycanın mövqeyinə və çağırışlarına əhəmiyyət vermir və etinasız yanaşırlar. Bu onların gücündən yox, zəifliyindən irəli gəlir. Onlar bütün proyeksiyalarda və reallıqlarda ancaq özlərini hakim bir qüvvə kimi təsəvvür edirlər. Hamıya təlqin etməyə çalışırlar ki, guya onların bacarığı və yanaşmaları olmasa dünya birliyi kor bir vəziyyətdə qala bilər. Bu belə deyil. Çünki dövlətlər qarşıdan gələn çağırışları həm düzgün anlaya bilirlər. Sonra həmin bacarıqdan sonra konkret vəzifələri ortaya çıxarırlar".
Politoloqun sözlərinə görə, dünya miqyasında iki-üç vacib məsələ var. Onlar daim gündəmdədir. Biri enerji sahəsində olan qarşılıqlı əlaqədir. Sonra isə təhlükəsizlik və demokratiyadır:
"Birinci və ikinci məqamlarda Azərbaycan həqiqətən çox böyük uğurlar əldə edib. Digər tərəfdən bu sahələrdə inteqrasiyanın vacib və qaçılmaz olmasını hamıya bildirir. Öz iştirakı ilə təsdiq edir ki, biz bu proseslərdə həm israrlı, həm də bacarıqlıyıq. Bəzi dövlət demokratiya və insan haqları ilə bağlı bizə problem yaratmağa çalışırlar. Halbuki bizim həqiqətən bu istiqamətdə özümüzün baxışlarımız var. Onları vaxtaşırı yerinə yetiririk. Parlamentimizin yeni tərkibdə yığılması onu göstərəcək ki, nə dərəcədə qanunvericilik sahəsində islahatlara geniş yer veririk. Digər tərəfdən bütün vacib məsələlərin həllində ən mütərəqqi üslubların həyata keçirilməsinə çalışırıq. Eyni zamanda qanunların layihələşdirilməsində Azərbaycanın hüquqşünasları və digər mütəxəssisləri həmahəng çalışırlar".
Tofiq Abbasov bildirib ki, qanunvericilik sahəsində dəqiq təkmillik çərçivələr yoxdur:
"Daim bütün dövlətlər və cəmiyyətlər biri-birinə nəzər salaraq özlərinə əlverişli vəziyyət formalaşdırırdılar. Ona görə də deputat korpusumuz yeni tərkibdə olacaq. Deputat korpusumuz yeni dəyişikliklərə öz hazırlığını göstərməlidir. Eləcə də yaradıcılıq yanaşmaları burada önplanda olmalıdır. Deputatlarımız işlərində novatorluq göstərməlidir. Artıq bir neçə dövlət qurumlarında kadr dəyişikliyi həayat keçirildi. Artıq işğaldan azad olunmuş ərazilərə prezidentin xüsusi nümayəndəlikləri təyin edilib. Bnunla əlaqədar bir sıra ekspertlər hətta təkliflər belə səsləndirib. Ədliyyə sahəsi və yeni icra hakimlərinin təyin olunması bu nümunələrə daxildir. Amma konkret olaraq hansı dövlət qurumlarında dəyişiklik olacağı barədə qabaqcadan məlumat vermək mümkün deyil. Çünki qanunvericilik sahəsinin dəqiq bir çərçivəsi yoxdur".