"İmzalanan yeni əməkdaşlıq sazişləri Azərbaycan-Pakistan əlaqələrini daha da gücləndirəcək" - DEPUTAT

0

 

"Cənab prezident İlham Əliyevin qardaş ölkəyə iki günlük səfəri, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşləri iki dövlət arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacaqdır".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən rəsmi səfəri mövcud münasibətlərimizin gələcək inkişafı baxımından böyük önəm kəsb edir:

"Dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında dost ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb, enənədək müşayiət etməsi bu Azərbaycan prezidentinə olan xüsusi hörmətin və dərin ehtiramın əlamətidir. Azərbaycan-Pakistan münasibətlərin tarixi çox qədimdir. Bilirsiniz ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. 1993-cü ilin martında Bakıda Pakistan səfirliyi açılıb. 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda öz diplomatik missiyası öz işinə başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Pakistan arasında münasibətlərin hər tərəfli inkişafında böyük xidmətlər göstərib. Bu gün isə ulu öndər Heydər Əliyevin bu siyasətini cənab prezident İlham Əliyev uğurla davam etdirilir".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin iki günlük rəsmi səfəri, keçirdiyi mühüm görüşlər və imzalanan sənədlər iki qardaş ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi rol oynayacaq:

"İki günlük səfər çərçivəsində imzalanan yeni əməkdaşlıq sazişləri Azərbaycan-Pakistan əlaqələrini daha da gücləndirəcək. Bu gün Azərbaycan və Pakistan arasında əməkdaşlıq hər bir sahədə uğurla davam etdirilir. Pakistan hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Hətta ölkəmizə qarşı işğalçı siyasətinə görə Ermənistanı dövlət kimi tanımayıb. 44 günlük Vətən müharibəsində Pakistan qardaş ölkə olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Ümumiyyətlə Azərbaycan-Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir. Əminəm ki, bundan sonra da iki qardaş ölkə arasındakı münasibətlər yüksələn xəttlə davam edəcək".

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top