Yaxın aylarda Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradəmiz qalır. Hökumət və mən bu məsələlərin həlli üçün diplomatik işi gücləndirmək niyyətindəyik və proseslər barədə ictimaiyyəti məlumatlandıracağıq.
Adaletyolutv.com AZƏRTAC - a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında söyləyib.
“İlin sonuna qədər və ya yaxın aylarda sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır” sualına cavab verən N.Paşinyan deyib: “Sülhün üç əsas prinsipi faktiki olaraq Azərbaycanla razılaşdırılıb və bu razılaşma danışıqlar zamanı, xüsusən də Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunub. Söhbət SSRİ Baş Qərargahının xəritələri əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından gedir”.
O, həmçinin bəyan edib ki, Ermənistanın və Azərbaycanın bir-birinə qarşı ərazi iddiasının olmadığı və olmayacağı barədə razılıq əldə edilib.
Sülh müqaviləsinin növbəti prinsipi suverenlik və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların blokdan çıxarılmasıdır.
Eyni zamanda, N.Paşinyan bir sıra əsas məqamların razılaşdırılmasına ehtiyac olduğunu bildirib. Qeyd edib ki, bunlardan biri sülh müqaviləsi çərçivəsində mübahisəli məsələlərin həlli mexanizminin yaradılması, həmçinin təhlükəsizlik təminatlarının yaradılmasıdır.