Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimimünasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.Azərbaycanla Türkiyənin qardaşlığı əlbəttə ki, hərbi əlaqələr sferasına da öz silinməz möhürünü basıb. 44 günlük müharibədə Azərbaycan torpaqlarının əks-hücum əməliyyatı ilə erməni işğalçılarından azad edilməsi zamanı Türkiyənin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi, tarixə düşən əsl qardaşlıq nümunəsi idi. Fakt budur ki, apardığımız Vətən savaşı zamanı Türkiyənin bütün dövlət strukturları qələbəmiz üçün bütün istiqamətlərdə böyük əzmkarlıq göstərdi, əllərindən gələni etdi. Güclü beynəlxalq təzyiqlərə rəğmən, Türkiyə öz qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, olduqca bənzərsiz, qürur verici, tarixdə qalacaq təmənnasız dəstək və həmrəylik nümunəsi idi. Ərdoğan 10 dekabr 2020-ci ildə Bakıdakı Qələbə Paradında iştirakı və çıxışı ilə bu dəstəyi bir daha dünyaya, düşmənlərimizə bariz şəkildə nümayiş etdirdi…
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Əliyev-Ərdoğan qardaşlığı da burada məxsusi qeyd edilməlidir. Onların qardaşlığı, dostluğu artıq zamanın sınağından müvəffəqiyyətlə çıxıb. Elə ona görə də türk qardaşlarımız ilk təbriki də məhz Azərbaycan Prezidentindən gözləyirdilər. İlham Əliyevin Ərdoğana zəng edərək, öna həm öz adından, həm də bütün xalqımızın adından təbriklərini çatdırması Türkiyənin Azərbaycan üçün həqiqətən də nə qədər önəmli ölkə, əziz ölkə olduğunu göstərir.
Prezident İlham Əliyev tamamilə haqlı olaraq bu qələbəni Türkiyə xalqının, türk seçicilərinin Rəcəb Tayyib Ərdoğanın yürütdüyü uğurlu siyasətə göstərdiyi etimad kimi qiymətləndirdi. Bəli, “Doğru adamla doğru yola davam” şüarı ilə seçki kampaniyasına başlayan, seçicilərin tam dəstəyini qazanan Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli inkişafı qarşıdakı illərdə daha da inamla davam etdiriləcək.
Sıravi insanlarımız da Türk xalqının qələbə sevincinə əsl qardaşlıq duyğusu ilə şərik çıxdı. Ərdoğanın qələbəsi Türkiyədən sonra ən çox məhz Azərbaycanda böyük coşqu və sevinc hissilə qeyd edildi. Əllərində iki ölkənin bayraqlarını tutaraq Bakı küçələrinə axışan, Türkiyə səfirliyinin önündə toplaşan insanlarımız qardaş ölkənin liderinin seçkidəki qələbəsini əsl demokratiya bayramı kimi qutladılar, qeyd etdilər.
Fərəhlə deyə bilərik ki, Azərbaycan-Türkiyə çoxşaxəli əməkdaşlığı həm də xalqlarımızın gələcəyinə xidmət edir, gələcəyə hesablanıb. Atatürk necə demişdi: “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir”. Ərdoğan isə “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə var” söyləyib.
Mahirə Əsədova,
“Yeni Yurd Sosial İnkişaf” İctimai Birliyinin sədri