“Heydər Əliyev İli” çərçivəsində martın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib.
Adaletyolu.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda çıxış edib.
İcraçı direktor bildirib ki, 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə bugünkü müasir Azərbaycan dövlətinin dünyadakı yerinin müqayisəsi Ulu Öndərin misilsiz xidmətlərinin miqyasını aydın görmək imkanı yaradır. Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi olmaqla yanaşı, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur. O diqqətə çatdırıb ki, 1998-ci ildə "Qrant haqqında" qanunun qəbul edilməsi, 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması, 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edilməsi, bu siyasətin davamı olaraq 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edilməsi, ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası təsdiq edilməsi və sonrakı ardıcıl proseslər bugünkü inkişaf üçün etibarlı zəmin yaradıb.
Aygün Əliyeva qeyd edib ki, yüksək inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli fəaliyyət göstərir, inkişaf edir. Hazırda Azərbaycan vətəndaş cəmiyyəti institutları müstəqilliyimizin ilk illərində olduğu kimi dövlət qurumları ilə əməkdaşlıq etməkdə çətinlik çəkmirlər, əksinə onların ən güclü, ən yaxın partnyoru məhz dövlət qurumlarıdır.
“Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda müstəqil, güclü, azad, peşəkar vətəndaş cəmiyyəti yaranıb və inkişaf edir. İstər Vətən müharibəsi dövründə, istərsə də postmünaqişə dönəmində gecə-gündüz davam edən informasiya müharibəsində vətəndaş cəmiyyəti nümayəndələri qürur duyula biləcək mühüm nailiyyətlərə imza atıblar. Ötən il dekabrın 12-də Xankəndi-Laçın yolunda Qarabağda qanunsuz ekoloji istismara qarşı bir qrup QHT-lərin, ekofəalların və gənclərin - fədakar vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsü ilə başlanan hərəkat 80 gündən artıqdır ki, öz missiyasını uğurla davam etdirir”,-deyən icraçı direktor əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.
Aygün Əliyeva təkmil siyasi sistemin yaradılmasının, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirilməsinin, siyasi mədəniyyətin inkişaf etdirilməsinin, davamlı siyasi-hüquqi islahatların reallaşdırılmasının, milli həmrəylik və bütövlüyü təmin edən ideoloji siyasətin müvəffəqiyyətlə davam etdirilməsinin Azərbaycanın milli gücünü daha da artırdığını söyləyib.