Nurlana Əliyeva adlı xanımın sabiq işçisi Dürdanə Əliyeva haqda “mənə cadu edib, xəstəlik tapmışam” sözləri ona görə dəhşətli deyil ki, bunu bir qoca qadın deyir; ona görə dəhşətlidir ki, bu zehniyyətin sahibi illərlə, hətta onillərlə təhsil qurumlarına rəhbərlik edib.
“APİ Axundov” kimi tanınan Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Bakı Slavyan Universiteti kimi nüfuzlu təhsil ocağına çevirən akademik Kamal Abdulladan sonra məbəd səviyyəsinə qalxan bu ali təhsil müəssisəsinə Nurlana Əliyevanın rektor təyin edilməsi 14 illik zəhmətin, əziyyətin üstündən xətt çəkilməsi demək idi. Nurlana Əliyevanı kim tanımırdı ki? Orta məktəbdə və Maliyyə-Kredit Texnikumunda (bu texnikumda qəbulun və tədrisin necə olduğunu o dövrü yaşayanlar yaxşı xatırlayır) müəllimlikdən qəfil Sabir adına Bakı Pedoqoji Texnikumuna direktor gətirilən bu xanım ən qısa müddətdə ad çıxarmışdı: Sabir adına Texnikumun alver yuvası olduğu, açıq bazara çevrildiyini bu ölkədə kim bilmirdi ki?!
Adam tam 26 il bu texnikumu bazar təfəkkürü ilə idarə etdi: Sabir adına Texnikum Bakı Pedoqoji Kolleci oldu, ancaq alverxana mahiyyətini dəyişmədi.
26 ildən sonra N.Əliyeva qısa müddətdə böyük nüfuz qazanan və DİM-in ən reytinqli universitetlərindən birinə çevrilən BSU-ya rektor gətiriləndə hər şey aydın idi: bu təhsil ocağı da alverxanaya çevriləcəkdi. Başqa cür mümkün deyildi, çünki Nurlana Əliyeva ayrı cür idarə etməyi, sadəcə, bacarmır.
Cəmi bircə il bəs etdi ki, BSU-da Sabir Texnikumu səviyyəsində geniş bazar açıldığından hamı xəbər tutsun: bundan ötrü Nurlana xanım əvvəlki iş yerindən bu sahədə xüsusi “təcrübəsi olan” kadrlarını da özü ilə bərabər BSU-ya daşımışdı.
BSU-nun bütün yeniliklərinin üstündən xətt çəkdi və bu xanım o qədər “artdı” ki, Kamal Abdullanın qurub-yaratdıqlarını təkcə dağıtmadı, həm də onun “qanunsuzluqlarını” “ifşa etməyə” girişdi. Nə idi “qanunsuzluqlar”? Kamal Abdulla Yaradıcılıq fakültəsi yaradıbmış, yaradıcı gəncləri ora toplayıbmış, istedadlara bir pəncərə açıbmış.
Nurlana Əliyeva dərhal bu nurlu bölmələri qapadı. Və əlbəttə ki, “ənənəvi yeyinti kampaniyasına” start verdi – təmir! İş o yerə çatdı ki, BSU-nun binasının simvoluna çevrilən ornamentlərə də “əl gəzdirdi” – xanım “yenilik” edirdi, axı...
N.Əliyevanın bu universitetdə ən rüsvayçı işlərindən biri 20 Yanvar qatillərindən olan Primakovla bağlı yazı müsabiqəsinin keçirilməsi idi. Bu müsabiqə yalnız BSU tələbələri arasında keçirililmişdi, çünki Rusiya səfirliyinin eyniməqsədli təklifindən Azərbaycan Dillər Universiteti haqlı olaraq imtina etmişdi. N.Əliyeva nəinki imtina etmədi və bu müsabiqəni keçirdi, hətta bu biabırçı addım ictimailəşəndən sonra üzr istəmək əvəzinə sona qədər “haqlı” olduğunu sübut etməyə qalxdı, utanmadan universitet rəhbərliyini də “Primakov mükafatını” almaq üçün Rusiya səfirliyinə göndərdi.
Tələbələrin təhsil haqqının mənimsənilməsi faktı üzə çıxdıqdan və Baş Prokurorluq işə qarışandan sonra BSU-nun şöbə müdiri Dürdanə Əliyeva məsuliyyətə cəlb olundu. N.Əliyeva isə açıqlama yaydı ki, D.Əliyevanın əməlinin araşdırılması ilə bağlı Baş Prokurorluğa özü müraciət edibmiş.
Baş Prokurorluq bu yalanı dərhal və anında təkzib etdi, rəsmən bildirdi ki, cinayət işinin açılması tələbələrin müraciəti və prokurorluğun özünün yeyinti faktını aşkarlamasının nəticəsidir. Nurlana Əliyeva Baş Prokurorluq cinayət işi açandan 10 gün sonra “müraciət etmişdi” - əlbəttə ki, özünü müdafiə məqsədi ilə.
Bu ifşadan sonra müəllim qüruru olan heç kim vəzifədə qalmazdı – amma Nurlana xanım 2021-ci ilin 22 iyununa – bu qalmaqallara görə vəzifədən qovulana qədər qaldı.
Əlbəttə ki, bir şöbə müdirinin rektorun xəbəri olmadan yüzminlərlə pulu mənimsəməsindən söhbət gedə bilməz; əlbəttə ki, N.Əliyevanın “xəbərsiz” olduğu haqda iddiaları absurddur və məhkəmə də bu istiqamətdə gedir.
N.Əliyeva iki ildən çoxdur davam edən istintaq və məhkəmə proseslərinə də gəlmir. Nəhayət, məhkəmə “məcburi gətirilmə” qərarı çıxardıqdan sonra bəlli olur ki, hər yerə, hətta Prezidentə qədər şikayət edibmiş, Dürdanə Əliyevanın ona cadu etdiyini və xəstəliyə düşdüyünü yazıbmış.
20 Yanvar qatilinə müsabiqə keçirən “siyasi düşüncəsi”, “cadu olunmuşam”ı Prezidentə yazacaq səviyyədə “intellekti”, ali məktəbi alverxanaya çevirən bazar təfəkkürü olan bir şəxsin universiteti idarə etməsinə görə tələbələrə adamın yazığı gəlir.