“Bir sıra önəmli mədəniyyət xadimləri, Xalq artistləri, Əməkdar artistlər saxta seçkiyə və şəhid pulunun mənimsənilməsinə görə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən istefa veriblər”. Bu sözləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev açıqlamasında qeyd edib.
İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var. Ednews adları çəkilən bəzi şəxslərlə əlaqə saxlayaraq, üzvlükdən imtina səbəblərini öyrənib. Xalq artisti Ənvər Həsənov ittifaqın heç bir funksionallığının olmadığını əsas gətirib.
Xalq artisti Tariyel Qasımov da üzvlükdən imtina edənlər arasındadır.
İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də ittifaqdan və ittifaqın mətbuat katibi vəzifəsindən ayrıldığını bildirmişdi.
Oğuz Ayvaz
Ednews