Rusiyanın destruktiv Cənubi Qafqaz siyasəti Ermənistan və Azərbaycanın Rusiya sülhməramlıları ilə bağlı narazılıqlarına səbəb olur. İrəvan onun ümidlərini doğrultmayan Moskvadan uzaqlaşmağa can atır, Moskva isə iki ölkəni birləşdirən bağları daha da möhkəmləndirməyə çalışır.
Ermənistan xarici işlər nazirinin Lavrov-Bayramov görüşündən imtina etməsi, Azərbaycan prezidentinin isə MDB ölkələrinin qeyri-rəsmi görüşündə Putin və Paşinyanla ayaqüstü qısa danışıqlar aparması Rusiyanın uğursuz Cənubi Qafqaz siyasətinin bariz göstəricisidir.
Rusiyanın Ukrayna və digər xarici siyasət cəbhələrində buraxdığı səhvlər onun Cənubi Qafqazdakı pərakəndə siyasətində də özünü açıq göstərməkdədir. Lakin Qərb Moskvanın buraxdığı boşluqları öz xeyirinə kompensasiya etmək məqsədilə müxtəlif diplomatik kanallar vasitəsilə İrəvanı inandırmağa çalışdı və buna nail oldu ki, daha Rusiya səni himayə edə bilməz, onun orbitindən kənarlaşmasan, Kreml səni də özü ilə birgə bataqlığa yuvarlayacaq.
Bütün bu deyilənləri il ərzində Fransa prezidenti Emanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Murun İrəvana gedib bu ölkənin baş naziri Nikol Paşinyanla qapalı müzakirələr aparmasından anlamaq elə də çətin deyil. Xüsusilə son həftələr Paşinyan və onun hökumət üzvlərinin Rusiyadan narazı çıxışlarını daha sıx-sıx müşayiət etməkdəyik.
İrəvan inadından əl çəkmək fikrində deyil. Bunu elə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan "Rusiya bizə təzyiq edir" açıqlaması özündə ehtiva edir. Rəsmi İrəvan nə qədər də Kremlin təsirindən çıxmaq üçün müxtəlif əsaslı və əsassız səbəblər gətirsə də, bugünkü reallıq ona imkan vermir ki, heç nə olmamış kimi Ermənistan Moskva ilə uzun illərə söykənən diplomatik əlaqələrinə, dostluğuna son qoyub Qərbə reinteqrasiya istiqamətində praktiki gedişlər edə.
Çünki Paşinyanın Putin siyasətindən tamamilə imtina etməsi üçün Kollektiv Qərbin, ABŞ-ın Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir ki, bunu da İrəvan üçün nə Pelosi, nə Börns, nə Paşinyanın "bacısı" Makron və nə də Mur üzərinə götürə bilər. Doğrudur, onlar Paşinyana müxtəlif vədlər verə bilərlər, ancaq destruktiv mövqeyindən əl çəkməyən, Azərbaycana qarşı ərazi iddiasını davam etdirən, təxribatlarına ara verməyən Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qorumaq ən azı indiki reallıqda onların imkanları xaricində olan bir məsələdir.
44 günlük Vətən müharibəsi ilə regionda və bölgədə reallığı dəyişən, Cənubi Qafqazın coğrafi və siyasi xəritəsində iri həcmli işlər görməyi bacaran Azərbaycan bu gün belə rahatlıqla hər ürəyi istəyən dövləti bölgəyə, sərhədlərinə kimi buraxacaq qədər zəif deyil. Buna heç Rusiya da razı olmaz. Bu məsələdə Moskva ilə Bakının fikr ayrılığı yaşayacağı inandırıcı deyil. O səbəbdən də Rusiya Azərbaycanın legitim ərazilərində sülhməramlılarla separatçıların birgə qanunsuz fəaliyyəti ilə bağlı haqlı narazılıqları getdikcə öz effektini verməkdədir.
18 gün əvvəl azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və digər könüllü qrupların Laçın yolunun Şuşa-Xankəndi hissəsində birgə başlatdığı etiraz aksiyası bu gün artıq öz nəticəsini verməyə başlayıb. Biz şahidi olduq ki, erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı ilə məşğul olan "Base Metals" şirkəti bu məlumat yayıb.
Belə nəticə çıxır ki, Azərbaycanın dinc aksiya yolu ilə 18 günlük təzyiqi nəticə verdi. Ancaq bu hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər. Bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə, yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlanmalıdır. Amma demək olar ki, Azərbaycan bu məsələdə ilk məqsədinə nail oldu.